четверг, 28 июня 2012 г.

Qurani Kərim haqda ümumi məlumat


Qurani Kərimin nazil olması:  ilk dəfə Rəsulullaha (salləllahu əleyhi və səlləm) Ramazan ayında Qədr gecəsində nazil olmuşdur.
Dəlil:Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!” (əl-Qədr, 1)

Qurani Kərimi oxumağın fəziləti:
Qurandan dəlil:Həqiqətən bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (əl-İsra, 9)
Sünnədən dəlil:Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir.” (Buxari)

Qurani Kərimin tərtibi:
Peyğəmbərin (salləllahu əleyhi və səlləm) zamanında: Qurani Kərim bir mushaf halında toplanmamışdır. Peyğəmbərin (salləllahu əleyhi və səlləm) zamanında Qurani Kərimin yazılmaqdan daha çox əzbərlənməyə üstünlük verilirdi. Kim bir ayə eşitsəydi onu əzbərləyər, yaxud da tapa bildiyi xurma yarpaqları, dəri parçaları, düz daşlar və kürək sümükləri üzərində yazardı.
Əbu Bəkrin (radıyəllahu ənhu) zamanında: Qurani Kərimin kitab halında yazılması məsələsi Əbu Bəkr (radıyəllahu ənhu) zamanında, hicrətin 12-ci ilində gerçəkləşmişdir. Səbəbi isə, əl-Yəmamə döyüşündə aralarında Peyğəmbərin (salləllahu əleyhi və səlləm) Qurani Kərimin onlardan öyrənilməsini əmr etdiyi Əbu Huzeyfənin azad köləsi Salimin (radıyəllahu ənhum) olduğu çox sayda qurranın (Quranı əzbər bilənlərin) şəhid edilməsidir.
Osman ibn Affanın (radıyəllahu ənhu) zamanında: Qurani Kərimin çoxaldılması möminlərin əmiri Osman ibn Affanın (radıyəllahu ənhu) dönəmində hicrətin 25-ci ilində baş vermişdir. Bunun səbəblərindən biri, səhabələrin (radıyəllahu ənhum) əllərində olan səhifələrin müxtəlifliyinə görə insanların fərqli oxumaqları olmuşdur. İnsanlar ixtilafa, Allahın Kitabı barədə anlaşılmazlığa və ayrılığa düşməsinlər deyə Osman (radıyəllahu ənhu) bu səhifələrin bir mushaf halında toplanmasını əmr etdi.

Quranı Kərimin yalnız ərəb dilində oxunması:
Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız.” (Yusuf, 2)
Biz onu anlaya biləsiniz deyə, ərəbcə Quran etdik.” (əz-Zuxruf, 3)
Biz (onlara) nöqsansız-qüsursuz ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər.” (əz-Zumər, 28)

Qurani Kərimi dinləmə ədəbi:
Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.” (əl-Ənfal, 2)
Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!” (əl-Ə’ raf, 204)


_________
E. Məmmədli, F.Rəfibəyli "Quran-i Kərim Təcvidi" kitabından toplanmışdır

Комментариев нет:

Отправить комментарий