среда, 14 марта 2012 г.

Sukunlu mim əhkamları


Sukunlu mimin əhkamları


Sukunlu mimin tərifi:
Hərəkəsi olmayan mim, yaxud üstündə sukun olan min hərfinə “sukunlu mim” deyilir. Sukunlu mim vaqf (dayananda) və vasl (keçəndə), sözün ortasında yaxud sonunda sabitdir. Sukunlu mim isim, fel və başqa nitq hissələrində ola bilər. Əgər mim hərfinin sukunu yanız vaqf (dayananda) sabit olursa, həmin mim hərfinə aşağıdaki əhkamlar aid olmur. Məsələn: (سَمِيعٌ عَلِيمٌ)

Sukunlu mimə aid 3 əhkam var:
1.     İxfə
2.     İdğam
3.     İzhar


İxfə sözünün lüğəti mənası – gizlətmək.
İstilahi mənası – sukunlu hərfi izhar və idğam arasında şəddəsiz, ğunnəli tələffüz etməkdir. Bu hökmün adı ixfə (gizlətmək) olmaqla yanaşı biz mim hərfini həqiqətdə gizlətmirik. Sadəcə təcvid elminin istilahında izhar və idğam olmayan hala ixfə deyirlər. Mim və bə hərflərinin “şəfətəyn” (dodaqlar) məxrəcindən çıxdığına görə deyilir bu ixfə növünə ixfə şəfəviy deyilir.
Hərfləri : bir hərfdir -  (ب)
Keyfiyyəti - sukunlu mimdən sonra bə hərfi gələrsə, mim hərfini ğunnəli, sonra isə bə hərfini açıq-aydın öz məxrəcindən tələffüz edirik.
Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır.
Şərti:  ixfə şəfəviy yalnız iki söz arasında baş verə bilər.
Səbəbi: “təcənus” – yəni mim və bə hərflərinin məxrəci eynidir, sifətləri də oxşayır.

Misallar - (أمْ بِظاهِرٍ) (فَاحْكُمْ بَيْنَهُمْ) (يَوْمَ هُمْ بَارِزُونَ)

İqləb və ixfə əş-şəfəviy arasında fərq: nitq və səsləniş baxımından eyni olduqları halda, bu əhkamların arasında olan əsas fərq iqləbdəki mimim əsl mim yox, nun hərfinin mimə çevrilməsidir. Halbuki, ixfə əş-şəfəviydə mim əsl mim hərfidir.
İxfə əl-həqiqiy və ixfə əş-şəfəviy arasındaki fərq: həqiqi ixfədə nun hərfini doğurdanda məxrəcindən gizlədirik. Qalan sadəcə onun sifəti, ğunnəsi olur. İxfə əş-şəfəviydə isə mim hərfini məxrəcindən gizlətmirik,  Mim və bə hərflərinin məxrəcləri birdir, mim hərfini gizlətmək çətin olar, nitqimizə ağırlıq edər.



İdğam sözünün lüğəti mənası – bir şeyi o birisinə daxil etmək.
İstilahi mənası – sukunlu hərfi hərəkəli hərfə daxil etməklə bir hərfin yaranması, o hərfin şəddəli tələffüz olunmasıdır.
Hərfləri : bir hərfdir -  (م)
Keyfiyyəti - sukunlu mimdən sonra hərəkəli mim hərfi gələrsə, şəddəli, ğunnəli mim tələffüz olunur.
Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır.
Səbəbi: “təməsul” (yəni sukunlu mim və ondan sonra gələn hərəkəli mim rəsmdə, adda, məxrəcdə və sifətdə birdilər)
Niyə bu idğamın növü əs-sağır mutəməsileyn adlanır? - Sağır (balaca) adı təcvid elmində sukunlu hərfi hərəkəli hərfə idğam edəndə verilir. Bu növ idğamın dilə rahat olduğundan ona balaca deyilir. Mutəməsileyn adı, dediyimiz kimi, idğamının səbəbinin “təməsul” olduğu üçün verilir.

Misallar: َمْ مِنْ فِئَةٍ) (خَلَقَ لَكُمْ مَا فِى الأَرْضِ) (أَمْ مَنْ أَسَّسَ) (آلم)

Üçüncü – izhar əş-şəfəviy


İzhar sözünün lüğəti mənası – aydınlıq, əşkarlıq
İstilahi mənası – izhar olunan hərfi (yəni sukunlu mimi) açıq aydın öz məxrəcindən əlavə ğunnə artırmadan tələffüz etməkdir.
Hərfləri :  (م) (ب) hərflərindən başqa hərflər.
Keyfiyyəti - sukunlu mimdən sonra izhar hərflərinin biri gələrsə, mim hərfi izhar olunar, yəni açıq-aydın əlavə ğunnə və uzatma olmadan tələffüz olunar. İzharın bu növə mim hərfinin “şəfəteyn” (dodaqlar) məxrəcindən tələffüz olunduğu üçün əş-şəfəviy adlanır. İzhar həm bir kəlmədə, həm də iki söz arasında baş verə bilər.
Vacib qeyd: Sukunlu mimdən sonra vav yaxud fə hərfləri gələrsə, mimin izharına xüsusi diqqət yetirməliyik. Mim hərfində fasilə vermək, yaxud əksinə ğunnəsini uzatmaq, geniş yayılmış xatalardandır.
Səbəbi: mimin məxrəcinin əksər izhar hərflərinin məxrəcindən uzaq olması. Burada bir sual yaranır:
Mim hərfinin məxrəci  fə və vav hərflərinə yaxın olduğu halda, niyə mimi onlara idğam etmirik? – Cavab, Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hərfləri idğam etməməsidir. Bundan başqa, alimlər bir sıra səbəb gətirirlər, məsələn sukunlu mimi nunla qarışdırmamaq üçün, yaxud güvvətli hərflərin zəif hərflərə idğam olunmaması və s.

Misallar: َنْعَمْتَ- أَمْ يَقُولُونَ-يَمْهَدُونَ-أَمْ لَهُمْ- فَوْقَكُمْ سَبْعَ- أَمْوَاتٌ- هُمْ عَنْ)

_________________

Hazırladı: Umm Yahya


Sukunlu nun və tənvin əhkamları

Sukunlu nun və tənvinin əhkamları


Sukunlu nunun tərifi:
Hərəkəsi olmayan nun, yaxud üstündə sukun olan nun hərfinə “sukunlu nun” deyilir. Sukunlu nun vaqf (dayananda) və vasl (keçəndə), lafz (tələffüzdə) və xat (yazıda) sabitdir. Sukunlu nun isim, fel və başqa nitq hissələrində, həmçinin sözün ortasında və axırında ola bilər.

Tənvinin tərifi:
Luğət mənası – nunlaşdırmaq, nun səsini tələffüz etmək.
İstilahi mənası – isimlərin sonuna lafz (tələffüzdə) və vasl (keçəndə) artırılan sukununlu nun. Yəni, bu əlavə bir nundur, odur ki – xat (yazıda) və vaqf  zamanı (sözün üstündə dayananda) bu nun düşür.


Sukunlu nun
Tənvin
1.Sözün tərkibindəndi
Sözün tərkibindən deyil, əlavədir
2. Dayananda və keçəndə, yazıda və tələffüzdə sabitdir
Keçəndə və tələffüzdə sabitdir, dayananda və yazıda düşür
3. İsim, fel və başqa nitq hissələrində olur
Yalnız isimlərə xasdır
4. Sözün ortasında və sonunda ola biər
Yalnız sözün sonunda olur

Sukunlu nun və tənvinə aid 4 əhkam var:
1.     İzhar
2.     İdğam
3.     İqləb
4.     İxfə


İzhar sözünün lüğəti mənası – aydınlıq, əşkarlıq
İstilahi mənası – izhar olunan hərfi (yəni sukunlu nun yaxud tənvini) açıq aydın öz məxrəcindən əlavə ğunnə artırmadan tələffüz etməkdir. Məxrəc – artikulasiya apparatında hərfin tələffüz olunduğu, çıxdığı yer. Ğunnə - burun boşluğundan çıxan, lətif və ahənqdar bir səsdir.
Hərfləri –Boğaz hərfləri, sayı altıdır -  (ء- ه- ع –ح – غ- خ)
Səbəbi – nun hərfinin məxrəcinin boğaz hərflərinin məxrəcindən uzaq olmasıdır.
Keyfiyyəti - sukunlu nun yaxud tənvindən sonra boğaz hərflərində biri gələrsə, nun hərfi izhar olunar, yəni açıq-aydın tələffüz olunar.
Qeyd – izhar həm bir kəlmədə, həm də iki söz arasında baş verə bilər.

Misallar - ( يَنْهَوْنَ- يَنْئَوْنَ – عَنْهُمْ – مِنْهُ – مَنْ ءَامَنَ- مَنْ هَاجَرَ – مِنْ خَيْرٍ – مِنْ غِلٍّ – مِنْ حَكِيمٍ)


İdğam sözünün lüğəti mənası – bir şeyi o birisinə daxil etmək.
İstilahi mənası – sukunlu hərfi hərəkəli hərfə daxil etməklə bir hərfin yaranması, o hərfin şəddəli tələffüz olunmasıdır.
Hərfləri – Altı hərfdir (ى – ر – م – ل – و – ن), alimlər bunları  (يَرْمُلُونَ) sözündə (mənası – tələsirlər) cəm ediblər.
Şərti – sukunlu nun yaxud tənvindən sonra idğam hərflərinin ayrı kəlmələrdə gəlməsidir (Mis: مَنْ يَعْمَلُ). Əgər sukunlu nundan sonra idğam hərfləri bir sözün tərkibində gələrsə, idğam baş verməz, çünki bu halda sözünü mənası dəyişmiş olar. Bu hala təcvid elmində izhar mutlaq (şərtsiz izhar) deyilir. 

Qurani-Kərimdə bu hala 4 sözdə rast gəlmək olar - (اَلدُّنْيَا – صِنْوَانٍ – قِنْوَانٍ- بُنْيَانٍ )

Həmçinin Qurani-Kərimdə iki yerdə idğamın şərti yerinə yetirilməsinə baxmayaraq, nun idğam olunmur.
( يس. والقرآن الحكيم) ( ن.والقلم وما يسطرون)
Bu hala izharu rivayətin (rəvayətlə gələn izhar) deyilir, çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu ayələri idğam etmədən oxuyub.

Beləliklə biz izharın üç növünü öyrəndik:
1.     İzhar həlgiy                    2.İzhar mutlaq                 3. İzharu rivayətin

İdğamın növləri: İdğam iki cür olur:
1.     Ğunnəli                         2. Ğunnəsiz

Hərfləri: 4 hərfdir (ى – ن – م – و), alimlər bunları (يَنْمُو) sözündə cəm ediblər (mənası – böyümək).
Keyfiyyəti: sukunlu nun yaxud tənvindən sonra yuxarıdaki 4 hərfdən biri gələrsə, sukunlu nun ona daxil olar, iki hərf bir hərfə çevrilər,  həmin hərf şəddəli və ğunnəli tələffüz olunar. Xatırladaq, ğunnə - burun boşluğundan çıxan, lətif və ahənqdar bir səsdir.

Məsələn

 (مَيَّعْمَلْ)                 (مَنْ يَعْمَلْ)
         (مِنْ مَالٍ)                      (مِمَّالٍ)
         (مِنْ وَاقٍ)                      (مِوَّاقٍ)
         (مِنْ نِعْمَةٍ)                      (مِنِّعْمَةٍ)

Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır. Alimlər hərəkənin zaman miqdarı barəsində ixtilaf etmişlər. Daha düzgün olan odur ki, hərəkənin miqdarını şagird müəllimdən şifahi dərslərdə öyrənsin.

Misallar: - (مِنْ مَاءٍ-لِقَوْمٍ يَتَفَكَّرُونَ-قَوْمٌ مُسْرِفُونَ-لَنْ نَدْخُلَهَا-مِنْ وَاقٍ)

Səbəbi :            
1.     Nun hərfi ilə -     “təməsul” (yəni sukunlu nun və ondan sonra gələn hərəkəli nun rəsmdə, adında, məxrəcində və sifətdə birdilər)
2.     Mim hərfi ilə -  “təcənus” (yəni sukunlu nun və ondan sonra gələn hərəkəli mim əsl məxrəcdə fərqlənsələr belə, ğunnələrinin məxrəci və sifətləri birdir)
3.     Vav və yə hərfləri ilə - “nisbi təqarub” (yəni sukunlu nun və ondan sonra gələn vav yaxud yə hərflərinin məxrəci nisbətən bir birinə yaxındır, həmçinin sifətlərdə bir-birinə müvafiqdirlər)

Hərfləri: qalan iki hərf (ل-ر).
 Keyfiyyəti: sukunlu nun yaxud tənvindən sonra yuxarıdaki  hərfdən biri gələrsə, sukunlu nun ona tamamilə daxil olar, məxrəci də, sifəti (yəni ğunnəsi) də yox olar, hərəkəli hərf şəddəli və ğunnəsiz tələffüz olunar.

Məsələn

مِنْ لَدُنْهُ            مِلَّدُنْهُ
أَنْ لَنْ              أَلَّنْ
مِنْ رَبِّهِمْ           مِرَّبِّهِمْ

Qeyd: Quranda bir yerdə idğamın bu növünə riayət olunmur. Əl-Qiyəmə surəsində (وقيل من راق) çünki bu ayədə səktə (nəfəs almadan fasilə vermək) vacibdir.
Müddəti: ğunnə olmadığından bu cür idğamda şəddənin müddəti adi şəddə kimidir.

Misallar: - (فِي عِيشَةٍ رَاضِيَةٍ, مَالاً لُبَدًا, أَنْ رَءَاهُ)
Səbəbi : “Təqarub” – yəni nun hərfinin məxrəcinin ləm və ra hərflərin məxrəcinə yaxın olması.

İdğamın kamillik və naqislik baxımından iki növ olması:
Kamil idğam – sukunlu nun yaxud tənvin bütövlüklə özündən sonra gələn hərfə daxil olanda, yəni nun hərfindən heç nə qalmayanda baş verir. Qurani-Kərimdə əlaməti – hərəkəli hərfin üstündəki şəddədir.
Naqis idğam – sukunlu nun yaxud tənvin özündən sonra gələn hərəkəli hərfə tam daxil olmayanda, yəni nun hərfinin özü qalmasa belə, ğunnəsi qalanda baş verir. Qurani-Kərimdə əlaməti – hərəkəli hərfin üstündə şəddənin olmaması.

Alimlər, ləm və ra hərflərində kamil, vav və yə hərflərində isə naqis idğam baş verdiyini ittifaq etmişlər. Nun və mim hərfləri barəsində ixtilaf etmişlər.

Üçüncü – iqləb


İqləb sözünün lüğəti mənası – çevirmək.
İstilahi mənası – sukunlu nunu mim hərfinə çevirib onu ğunnəli tələffüz etmək.
Hərfləri – Bir hərfdir (ب )
Keyfiyyəti - sukunlu nun yaxud tənvindən sonra bə hərfi gələrsə, nun hərfini ğunnəli mim kimi tələffüz etməliyik.
Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır.
Qeyd – iqləb həm bir kəlmədə, həm də iki söz arasında baş verə bilər.
 Səbəbi – Alimlər sukunlu nun və bə hərflərinin ardıcıl gəldiyini araşdırıblar. Bu halda nun hərfini izhar etmək dilə çətin və ağır gəlir. İki hərfin məxrəcləri və sifətləri fərqləndiyindən idğam və ixfə etmək həmçinin münasib deyil. Odur ki, alimlər nun hərfi ilə ğunnədə müttəfiq, bə hərfi ilə isə məxrəcdə müttəfiq olan hərfi, yəni mim hərfini seçdilər.

Misallar: (أَنْبِئُونِى-مَنْ بَخِلَ)

Dördüncü – ixfə əl-həqiqiy


İxfə sözünün lüğəti mənası – gizlətmək.
İstilahi mənası – sukunlu hərfi gizlətmək, yəni izhar və idğam arasında şəddəsiz, ğunnəli tələffüz etməkdir.
Hərfləri – Qalan 15 hərfdir. Aşağıdaki şerin hər sözünün ilk hərfi bu 15 hərfə aiddir.

صِفْ ذَا ثَنَا كَمْ جَادَ شَخْصٌ قَدْ سَمَا             دُمْ طَيِّباً زِدْ فِى تُقَى ضَعْ ظَالِماً
(ص-ذ-ث-ك-ج-ش-ق-س-د-ط-ز-ف-ت-ض-ظ)
Keyfiyyəti - sukunlu nun yaxud tənvindən sonra ixfə hərflərindən biri gələrsə, nun hərfinin əsl məxrəcini gizlədirik, sifətini yəni ğunnəsini ondan sonra gələn hərfin məxrəcindən çıxardırıq. İxfə baş verdiyi zaman aşağıdakılara riayət etmək lazımdır:
-        - Ixfə zamanı nunu şəddələməmək
-        - Ğunnə özündən sonra gələn hərfə incəlik yaxud qalınlıq baxımında tabe olmalıdır
-        - (ت-د-ط) Hərflərində ixfə zamanı dili tamamilə aşağı yönəltmək lazımdır ki, nun hərfinin əsl məxrəci izhar olunmasın.
Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır.
Qeyd – ixfə həm bir kəlmədə, həm də iki söz arasında baş verə bilər. Alimlər bu ixfə növünü nun hərfinin məxrəcinin həqiqətən gizlənib görünmədiyinə görə, həqiqi adlandırıblar.
Səbəbi: Bu 15 hərfin məxrəci nun hərfinin məxrəcindən izhar etmək üçün kifayət qədər uzaq, idğam etmək üçün isə kifayət qədər yaxın deyil.

Misallar: (أَنْتُمْ, قَوْلاً ثَقِيلاً, أَنْزَلَ, مَنْ دَسَّاهَا, خَلْقٍ جَدِيدٍ, مِنْ طِينٍ, كِتاَبٌ كَرِيمٌ, فَنْطَلَقَ,يَنْقَلِبُ, مَنْضُودْ, خَالِداً فِيهَا)

İxfənin dərəcələri:
1.     Ən yüksək dərəcəsi, (ت-د-ط)  hərflərində - məxrəclərinin yaxın olduğundan.
2.     Ən aşağı dərəcəsi, (ق-ك)  hərflərində - məxrəclərin uzaq olduğundan.
3.     Orta dərəcə, qalan hərflərdə.

İdğam və ixfə arasında müqayisə

İdğam
İxfə
1.     Şəddəli oxunur
Şəddəsiz oxunur
2.     Hərəkəli, şəddəli hərf ğunnəli oxunur (ğunnəli idğamda)
Ğunnəni çıxardıqdan sonra, hərəkəli hərf açıq-aydın öz məxrəcindən tələffüz olunur.
3.     Yalnız iki kəlmə arasında baş verir
Bir kəlmə daxilində yaxud iki kəlmə arasında baş verə bilər


_________________

Hazırladı: Umm Yahya

Ləfzul-Cələləh




Qrafika http://www.readwithtajweed.com/ saytından götürülmüşdür


_________________

Hazırladı: Umm Aaliyah

Həmzə

        

Qrafika http://www.readwithtajweed.com/ saytından götürülmüşdür


_________________

Hazırladı: Umm Aaliyah